Usenet yaxud User Network (azərb. İstifadəçi şəbəkəsi) — Ünsiyyət və faylları dərc etmək üçün istifadə olunan kompüter şəbəkəsi. Usenet istifadəçilərin də göndərə bildiyi xəbər qruplarından ibarətdir. Məlumatlar serverlərdə saxlanılır və onlar bu məlumatları öz aralarında mübadilə edirlər. Usenet müasir veb-mədəniyyətin inkişafına böyük təsir göstərib: ayama (NICKNAME), smaylik (SMILEY), imza (SIGNATURE), moderator, trollinq (TROLLING), flud (FLOOD), fleym (FLAME), BAN, FAQ və SPAM kimi anlayışların geniş yayılmasına təkan verib. Usenet bu gün də geniş istifadə olunan “qocaman” şəbəkələrdəndir. O, geniş ictimaiyyətin İnternetə çıxışının olmadığı vaxtda – 1980-ci ildə meydana çıxıb. Sistem Duke Universitetində işlənib hazırlanıb. Hazırda Usenet ayrıca şəbəkə olmayıb, İnternetin bir hissəsidir. Praktiki olaraq Usenet-trafikin hamısı İnternet üzərindən ötürülür, məlumatların formatı və onların ötürülmə üsulu elektron poçta çox bənzəyir. Ancaq elektron poçtda ünsiyyət “təkbətək” aparılırsa, Usenet “bir nəfər hamı üçün” prinsipi ilə fəaliyyət göstərir. İstifadəçinin Usenet’də dərc etdirdiyi (post) məlumatlar xəbər qrupları (newsgroups), yaxud konfranslar adlandırılan mövzu kateqoriyaları üzrə təşkil olunur və onların strukturu domen adlarının strukturu kimidir. Məsələn, sci.math və sci.physics qrupları sci iyerarxiyasının daxilində yerləşir. Usenet ilə işləmək üçün nəzərdə tutulmuş tətbiqi proqramların köməyilə istənilən konfransa yazılmaq olar.